Azərbaycanda bələdiyyələrin fəaliyyəti uzun illərdir cəmiyyətdə müzakirə mövzusudur. Bəzi fikirlərə görə, bələdiyyələrin səlahiyyətləri məhduddur və yerli idarəetmədə təsir gücü zəifdir. Digər tərəfdən, onların yerli demokratiyanın inkişafı üçün vacib institut olduğu vurğulanır. Bəs gələcəkdə Azərbaycanda bələdiyyələrin ləğv edilməsi ehtimalı varmı, yoxsa onların səlahiyyətləri genişləndiriləcək?
Mövzu ilə bağlı Tribuna.az-a açıqlama verən Azad Vətən Partiyasının sədri Akif Nağı bildirib ki, bələdiyyələrlə bağlı müxtəlif səviyyələrdə, müstəvidə müzakirələr gedir.
Akif Nağının sözlərinə görə, Azərbaycanın idarəetməsi ilə, bələdiyyələrlə bağlı qanunlar var. Qanunlarda mühüm məsələlər yer alır. Sadəcə olaraq, bələdiyyələrlə bağlı müzakirələr gedir. Qonşu ölkələrdə bələdiyyələrin missiyası və statusu ilə bağlı müqayisələr aparılır. Daha çox Türkiyə modeli müqaisə edilir. Türkiyədə Avropada olduğu kimi yerli idarəetmədə bələdiyyələrin əlindədir. Orada bələdiyyələr həm maliyyə cəhətdən, həm də bütün işlərin həyata keçirilməsi baxımından çox ciddi mövqeyə malikdir. Bu, həm müəyyən abadlıq, tikinti işlərinin görülməsi baxımından, həm də təhsilə, müəyyən sahələrə himayədarlıqlar edərək, çoxsahəli fəaliyyət dairəsinə malikdirlər. Bu istiqamətdə bizdə də işlər görülməlidir. Çünki buna ehtiyac var. Həddindən artıq vacib bir istiqamətdir. Ona görə də bələdiyyələrin büdcəsi genişlənməlidir. Dövlət tərəfindən də müəyyən datasiyalar ayrılmalıdır. Ayrı-ayrı xeyriyyə fondları tərəfindən bələdiyyələrə dəstək verilməlidir. Onların ciddi maliyyə imkanları olmalıdır. Ən azından fəaliyyət göstərdiyi ərazidə geniş imkanlara sahib olsun. Abadlıq işləri ilə məşğul ola bilsin. Digər tərəfdən yerli bələdiyyələr özünüidarəetmə orqanıdır. İnsanların bu işə cəlb olunması, talelərin həll olunmasında insanların iştirakı baxımından vacibdir. Eyni zamanda bələdiyyə seçkiləri insanlara daha yaxın və doğmadır. Demokratik prinsiplərin inkişaf etdirilməsi baxımından bələdiyyələr vacibdir. Ləğv olunması ilə bağlı söhbət olmamalıdır. Əksinə, onların səlahiyyətləri getdikcə genişləndirilməlidir.
Dəniz Pənahova










