Azərbaycanın dövlət sərhədini qanunsuz keçmiş İranın 3 vətəndaşı barəsində başlanmış cinayət işi üzrə ibtidai istintaq Baş Prokurorluğun İstintaq İdarəsində tamamlanıb.
Tribuna.az xəbər verir ki, istintaqla Məxtumi Sadiq Arazqurban oğlu (Makhtoumi Sadegh Arazghorban), Atcani Taher Halət oğlu (Atjani Taher Halat) və Qanqırme Omid Çalce oğlunun (Ghanghermeh Omid Chaljeh) satış məqsədilə xüsusilə külli miqdarda narkotik vasitələri qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.
Araşdırmalar zamanı müəyyən olunub ki, adıçəkilən şəxslər qabaqcadan əlbir olan bir qrup şəxs halında 45 kq-dan artıq qurudulmuş, eləcə də 328 kq-dan artıq qurudulmamış marixuananı satış məqsədilə qanunsuz olaraq əldə edib “Layner” tipli mühərrikli qayıq vasitəsilə Xəzər dənizinin Azərbaycana aid bölməsi üzrə gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçiriblər.
Daha sonra həmin şəxslər Xaçmaz rayonunun sahil hissəsinə yaxınlaşarkən sərhəd orqanı əməkdaşları tərəfindən aşkar ediləcəklərini anlayaraq cinayətin predmetini təşkil edən narkotik vasitələri dənizə atıblar.
Keçirilmiş istintaq və əməliyyat axtarış tədbirləri nəticəsində qeyd olunan narkotik vasitələr Xəzər dənizinin Xaçmaz rayonuna aid sahil hissəsində və dənizin digər ərazilərində aşkar edilərək götürülüb.
Toplanmış sübutlar əsasında Məxtumi Sadiq Arazqurban oğlu (Makhtoumi Sadegh Arazghorban), Atcani Taher Halət oğlu (Atjani Taher Halat) və Qanqırme Omid Çalce oğlu (Ghanghermeh Omid Chaljeh) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq), 234.4-1 (satış məqsədilə xüsusilə külli miqdarda narkotik vasitələri qanunsuz olaraq əldə etmə, saxlama və daşıma) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.
İstintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə onların barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.









