Azad bazar, yoxsa nəzarətsiz qiymət oyunu?

Azad bazar, yoxsa nəzarətsiz qiymət oyunu?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda turizmin inkişafı illərdir prioritet elan olunsa da, bölgələrdə real vəziyyət hələ də suallar doğurur. Paytaxtdan kənarda yerləşən rayonlara səyahət edən yerli və xarici turistlər əsasən eyni problemlərlə üzləşirlər: əlçatan qiymətə otel tapılmaması, xidmət keyfiyyətinin aşağı olması, nəzarətsiz qiymət artımı və infrastruktur çatışmazlığı.Xüsusilə yay və bayram mövsümlərində bölgələrdə otel qiymətləri süni şəkildə yüksəlir.

2–3 ulduzlu otellər belə bəzən 4–5 ulduzlu hotellərin qiymətinə təklif olunur, lakin təqdim edilən xidmət həmin qiymətə uyğun gəlmir.Digər ciddi problem isə alternativ yerləşmə imkanlarının (hostel, ailə tipli qonaq evləri, kənd turizmi evləri) ya olmaması, ya da qeydiyyatsız və nəzarətsiz fəaliyyət göstərməsidir. Bu isə həm keyfiyyətə, həm də turist təhlükəsizliyinə mənfi təsir edir. Otel qiymətlərinin mövsümi süni artımı ilə bağlı dövlət nəzarəti niyə effektiv deyil?

Sizcə, bölgələrdə turizmin inkişaf etməməsinin əsas səbəbi nədir: infrastruktur, idarəetmə, yoxsa nəzarət mexanizmlərinin zəifliyi?

Mövzu ilə bağlı Tribuna.az-a açıqlama verən turizm üzrə ekspert Rəhman Quliyev bildirib:

“Problem ondan ibarətdir ki, infrastruktur qurulsa da, xidmət keyfiyyəti bu tempə uyğunlaşmayıb. Bölgələrdə turizm yalnız mövsümi gəlir mənbəyi kimi görülür, davamlı sektor kimi yox. Hazırda otel qiymətləri üzərində real və şəffaf nəzarət olmalıdır. Qiymətlər azad bazar adı altında nəzarətsiz olmamalıdır.
Mövsümi tələbatdan sui-istifadə edilir, amma xidmət keyfiyyəti dəyişmir. Nəticədə 2–3 ulduzlu otellər özünü 4–5 ulduzlu qiymətlərlə təqdim edir. Qiymət monitorinqi mexanizmləri gücləndirilməlidir. Şikayət sistemi formal xarakter daşımamalıdır. Cərimələrin və sanksiyalar real təsir gücünü göstərməlidir. Turistlərin böyük əksəriyyəti ya şikayət etmir, ya da etdikdə nəticə görmür. Bu da bazarda məsuliyyətsiz davranışı təşviq edir.”

Dəniz Pənahova