Bakı şəhərinin Türkan qəsəbəsində ictimai nəqliyyatla bağlı uzun müddətdir davam edən problemlər sakinlərin gündəlik həyatını ciddi şəkildə çətinləşdirir. Qəsəbəyə gedən yeganə marşrut xətti olan 215 nömrəli avtobus 40–45 dəqiqədən bir gəlir, bəzi hallarda isə ümumiyyətlə xəttə çıxmır və ya texniki nasazlıq səbəbilə yolda qalır.
Tribuna.az-a şikayətlərini bildirən sakinlərin sözlərinə görə, bu vəziyyətdə vətəndaşlar məcburən taksidən istifadə etməli olur, bu isə xüsusilə aztəminatlı və çoxuşaqlı ailələr üçün əlavə maliyyə yükü yaradır.
Problemlər bununla da bitmir. Normalda Hövsana qədər hərəkət etməli olan 210 nömrəli avtobus faktiki olaraq həmin istiqamətdə fəaliyyət göstərmir. Hətta marşrut xəttinə görə avtobusun Türkandakı hərbi hissəyə qədər gəlməli olduğu bildirilsə də, bu, reallıqda təmin edilmir.
Sakinlər dəfələrlə aidiyyəti qurumlara müraciət etdiklərini desələr də, heç bir nəticə əldə olunmayıb. Bir müddət əvvəl Türkan istiqamətində əlavə marşrut xətti ayrılsa da, sonradan izah verilmədən ləğv edilib.
Xüsusilə təhsil alan uşaqlar və valideynlər vəziyyətdən daha çox əziyyət çəkir. Türkan qəsəbəsində normal məktəbin olmaması səbəbindən bir çox ailə övladlarını Hövsan məktəblərinə aparmağa məcbur qalır. Bu isə günün böyük hissəsinin yolda keçməsi və gündə bir neçə dəfə taksi xərci deməkdir. 2–3 uşağı olan ailələr üçün bu, artıq ciddi sosial problemə çevrilib.
Sakinlər məsələ ilə bağlı AYNA və digər aidiyyəti qurumlardan real və davamlı həll gözləyirlər.
Dəniz Pənahova









