Azərbaycan səhiyyəsində hemofiliyalı xəstələrin həyatını təhlükəyə atan ciddi bir skandal yetişməkdədir.
Tribuna.az AFN.az-a istinadən xəbər verir ki, bir neçə gündür davam edən narazılıqlar pik həddə çatıb. “Qan Donorları Assosiasiyası” İctimai Birliyinin sədri Fuad Əsgərovun son “SOS” müraciəti, dövlət büddəsindən ayrılan milyonlarla manat vəsaitin hara və necə xərcləndiyi ilə bağlı ciddi şübhələri ortaya qoyur.
“Bədənimizə nə yeridildiyi məlum deyil”
Özü də hemofiliyadan əziyyət çəkən Fuad Əsgərovun bildirdiyinə görə, son aylarda Respublika Klinik Xəstəxanası tərəfindən hemofiliyalı xəstələrə paylanılan “Faktor IX” preparatları səhhətlərində ciddi narahatlıq yaradıb. Məsələ ondan ibarətdir ki, şiddətli qanaxmalar zamanı bu dərmanlar heç bir təsir göstərmir. “Bu isə o deməkdir ki, 1800 xəstənin həyatı faktiki olaraq hər gün riskə atılır və onların bədəninə effektivliyi şübhə doğuran maddələr yeridilir” – deyə QHT sədri bildirib.
17 milyon manata yararsız dərman və korrupsiya şübhəsi
2026-cı il üçün təkcə hemofiliya üzrə tədbirlər proqramı çərçivəsində dərman preparatlarının alınmasına dövlət büddəsindən təxminən 16 milyon 993 min manat vəsait ayrılıb. Bu qədər nəhəng vəsaitin müqabilində xəstələrə verilən “Faktor IX” preparatlarının istifadə müddəti 2026-cı ilin oktyabr ayında başa çatır. Vaxtının bitməsinə cəmi bir neçə ay qalmış dərmanların istifadəsi isə praktikada qadağandır.
F.Əsgərov bildirir ki, hemofiliya müalicəsində istifadə olunan faktor preparatları bioloji məhsullardır: “Yararlılıq müddəti yaxınlaşdıqca dərmanın tərkibindəki aktiv maddə (faktor) parçalanmağa başlaya bilər. Bu, qanaxmanın dayandırılmasında gecikmələrə və ya qanaxmanın tam nəzarət altına alınmamasına səbəb olur. Xəstə gözlənilən nəticəni almadığı üçün qanaxma davam edərsə, oynaqdaxili zədələnmə riski artır”.
Yenə “Avromed”…
17 milyon manata yaxın vəsaitin xərcləndiyi bu sahədə, “miadı” dolmaqda olan dərmanların hansı podratçı şirkətdən və hansı şərtlərlə alındığı təbii ki, hamı üçün maraqlıdır. Qeyd edək ki, “Hemofiliya xəstəliyi üzrə Tədbirlər Proqramı çərçivəsində dərman vasitələri”nin satın alınması” tenderinin qalibi illərdir eyni şirkətdir. Dövlət satınalmalarının vahid internet portalındakı məlumatlara görə, artıq bir neçə ildir bu tender “Avromed Company” QSC tərəfindən “udulur”.
2023-cü ildə həmin tenderin dəyəri 14 10 8425 manat, 2024-cü ildə 16 163 734 manat, 2025-ci ildə 16 milyon 333 min 897 manat, 2026-cı ildə isə 16.935.454,4 manat təşkil edib. Hamısının da qalibi “Avromed Company” QSC olub. Şübhələr var ki, beynəlxalq bazarda dəyərindən dəfələrlə ucuz alınan, son istifadə tarixinə az qalmış preparatlar dövlətə yeni qiymətinə təqdim edilib.
Hemofiliyalı xəstələrin fəryadı təkcə 1800 xəstənin problemi deyil, həm də dövlət qurumlarının şəffaflığına yönəlmiş ciddi bir ittihamdır. Ortada olan acı həqiqət birdir: Əgər dərman xəstəni xilas etmirsə, deməli, ayrılan milyonlar kimlərinsə cibinə gedib, xəstələr isə ölümlə üz-üzə qoyulub.
Qarşı tərəfin mövqeyini verməyə hazırıq.









