Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsində uzun müddətdir böyük tikinti işləri aparan “Avant Group” MTK sakinləri narazı salmaqda, narahatıq yaratmaqda və yaşıllıqları məhv etməkdə davam edir.
Tribuna.az xəbər verir ki, bu problemi dəfələrlə ictimailəşdirən aparıcı Nigar Sabirqızı şirkətlə bağlı növbəti dəfə paylaşım edib. O bildirib ki, narahatlıq yaradan tikinti zamanı bütün yaşıllıqlar məhv edilir, ancaq nə qarşısını alan var, nə də müdaxilə edən:
“Səhər pəncərədən baxanda onsuz da eybəcər şəklə salınmış mənzərəmizdə “Avant”ın yeni əl işini gördüm. Onsuz da ərazidəki ağacları məhv etmişdilər, olan-qalan 4-5 ağacı da belə məhv edirlər. Gecə yaratdıqları səs-küyün səhər açılanda nəticələrini görürük”.
Narazılığa səbəb olan böyük tikinti işləri aparan “Avant Group” MTK 07.05.2012-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1 milyon 100 manat olan MTK-nın qanuni təmsilçisi Kazımlı Kamran Rizavan oğludur.
Həmçinin bildirək ki, MTK son 2 ildə adını 2 dəfə dəyişib. 2020-ci ilin dekabr ayına kimi MTK-nın adı “Güvən”, 2021-ci ilin oktyabr ayına kimi isə “İnternational Developmet Group” olub.
Qarşı tərəfi dinləməyə hazırıq.
Gülşən Rəsul










