“Atalar məktəbi” — Şəkil, termus və köynəkdən o tərəfə keçməyən formal layihə

“Atalar məktəbi” Şəkil, termus və köynəkdən o tərəfə keçməyən formal layihə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tribuna.az Dəniz Pənahovanın “Atalar məktəbi” layihəsi barədə tənqidi yazısını təqdim edir:

Bir qrup ailəni “ailə düşərgəsi” adı ilə Binə Atçılıq Mərkəzinə dəvət etmişdilər. Dəvəti alan kimi sevindim. Bir günlük də olsa elit həyat yaşayacam, at çapacaqdım. Axı at tarixən döyüş aləti olub, sonra elit və ziyalı təbəqənin mindiyi heyvana çevrilib.

Dövr dəyişib.
İndi elit təbəqə ziyalılar yox, Milli Məclisdə yatan divlər və səhnədə oxuyan müğənnilərdir. Milli Məclisə bir cırtdan göndərmək lazımdır, divləri çayda batırsın…

Atçılıq Mərkəzinə çatanda məlum oldu ki, biz əslində Sosial Müdafiə Fondundan maliyyələşən “Atalar məktəbi” layihəsi üçün bura gətirilmişik. Dedim, nə yaxşı… Yəqin atalara psixoloji təlim, ailə məsuliyyəti, ata rolu ilə bağlı nəsə ciddi bir şey edərlər. Bəlkə də əvvəl ediblər, bilmirəm, amma mən indi gördüklərimi qələmə alıram.

Ətrafdakı tanış ailələrlə birlikdə at minməyi dörd gözlə, çapar ayaqla gözləyirdik. Sonra atlanıb düşdük, soyuqda uşaqlarımızla oyunlar oynadıq. Onsuz da evdə uşaqlarımızla gizlənpaç, top-top oynayan bir ailəyik. Başqaları evdə nə edir, bilmirəm. Bu, mənim qatıldığım beşinci görüş idi. Digər dördündə nə baş verdiyini də bilmirəm. Yəqin əvvəlki dörd “Atalar məktəbi”ndə də eyni ssenari üzrə atılıb-düşüblər. Bir az sonra çay içməyə getdik. Çayın rəngini yazmıram, siz onsuz da anladınız.

Sonda hər ailəyə bir köynək, bir termus verib, şəkil çəkdirib alqışlarla yola saldılar. Ata minmək ümidim isə hələ də içimdə qalmışdı. Evə dağılışanda anladım ki, Atçılıq Mərkəzi əbəs yerə seçilməyib. Bu yer simvolik məna daşıyır. Çünki bu günün ataları at kimi işləyir, kişnəyir: çapır, çapılır, əlləri qabar bağlayır.

Amma onlar üçün real dəstək, real psixoloji yardım, real ailə proqramları yerinə belə “şəkillik” layihələrə pul ayrılır.

Atlar yerindədir.
Atalar da.
Sadəcə bu ölkədə yenə də minən başqalarıdır. Bu ölkədə ata hələ də “layihə”dir, insan deyil.

Atçılıq mərkəzinə çağırdılar.
Ata minmək üçün yox, ata kimi işləmək üçün.
Atalıq məktəbi dedilər, dərs olmadı.
Təlim dedilər, oyun oldu.
Çay verdilər, rəngsiz gələcək kimi.
Köynək verdilər, vicdan yerinə.
Bu ölkədə atlar istirahət edir,
atalar isə layihədən layihəyə çapılır.

Şəkil çəkdirəndə “ləvəngi” deyib gülümsətdilər. Sanki hər şeydən razı qalmısan, amma hamının üzündəki saxta təbəssüm bizi ələ verirdi.

Atalar at minmədi, amma ata olmağı bir daha xatırlatdılar.
Üşüdük, amma ruhumuz istiləndi.
Çay bulanıq idi, amma layihə çox şəffaf.

Layihə vardı, foto vardı, hesabat vardı.
Ata isə yenə tək qaldı.

 

Dəniz Pənahova