Müxtəlif cinayətlərdə təqsirli bilinərək həbs edilmiş bloqer Ata Abdullayevin də Amnistiya aktının təsirinə düşməsi və azadlığa buraxılacağı ilə bağlı məlumatlar yayılıb.
Məhkumun vəkili Telman Abdıyev “Qafqazinfo”ya açıqlamasında məlumatı təkzib edib.
O bildirib ki, Ata Abdullayevin Amnistiya aktına əsasən azadlığa buraxılması mümkün deyil:
“Mediada yayılan məlumatlar həqiqəti əks etdirmir. Ata Abdullayev ağır cinayət törətməkdə təqsirli bilinib. Onun ittiham olunduğu maddələr-182.2.2 (hədə-qorxu ilə tələb etmə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) Amnistiya aktının təsiri altına düşmür”.
Vəkilin sözlərinə görə, Ata Abdullayev artıq cəzasının 2/3 hissəsini çəkib: “Mart ayında onun çəkilməmiş cəzasından şərti olaraq azad edilməsi üçün yerli məhkəməyə müraciət edəcəyik”.









