Arzumun cəzasının ağırlaşdırılması istənildi

Arzumun cəzasının ağırlaşdırılması istənildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə ittiham olunan “Arzum 999” ləqəbli ilə tanınan tiktoker İlduzə Hacıyevanın barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilir.

 Tribuna.az xəbər verir ki, cinayət işi üzrə zərərçəkmiş və hadisə zamanı vəfat edən Amalın həyat yoldaşı Sənubər Muradova apellyasiya şikayəti verib.

O, təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını istəyir. Hazırda proses Bakı Apellyasiya Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilir.

Xatırladaq ki, “Arzum” ləqəbli tiktokerin vəkilləri tərəfindən apellyasiya şikayəti verilib. Onlar tiktokerin həbsdən azad olunmasını istəyiblər.

Qeyd edək ki, Xəzər Rayon Məhkəməsinin hökmü ilə “Arzum” cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkmək şərti ilə 5 il 2 ay azadlıqdan məhrum edilib. Tiktokerin barəsində həbs qətimkan tədbiri seçilib və o, məhkəmə zalında həbs edilib.

Hadisə 2025-ci ilin iyununda paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində qeydə alınıb.

Gecə yarısı “Çanqan” markalı avtomobili idarə edən “Arzum” sola dönmə manevri edərkən arxadan gələn “Mersedes” markalı avtomobillə yandan toqquşub. Nəticədə “Mercedes” idarəetmədən çıxaraq maneəyə çırpılıb və bir neçə dəfə aşıb. Qəza nəticəsində avtomobilin sürücüsü 29 yaşlı Amal Məlikov hadisə yerində ölüb, həyat yoldaşı Sənubər Muradova isə ağır xəsarət alıb.

“Arzum” ləqəbli tiktokerə qarşı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması – ölümlə nəticələndikdə) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ittiham irəli sürülüb.