Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Ömər Cəfərovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Tribuna.az Pravda.az-a istinadla xəbər verir ki, hakim Vaqif Həsənovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə cinayət işi üzrə icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.
İttihama görə, Ömər Cəfərov Abşeron rayonu ərazisindəki ünvanda həyat yoldaşı, zərərçəkmiş Mənsumə Cəfərova (adı, soyadı şərtidir) ilə mübahisə edib. Mübahisəyə səbəb qadının evdə yemək hazırlamaması ilə bağlı ərinin ona irad bildirməsi olub.
Bu zaman təqsirləndirilən şəxs əsəbiləşərək həyat yoldaşının üzərinə hücum edib və əvvəlcə onun sifət nahiyəsinə əl ilə zərbə endirib. Daha sonra Ömər Mənsumənin əlində olan mobil telefonu alaraq həmin telefonla onun sağ qoluna vurub.
Hadisə nəticəsində zərərçəkmiş şəxs sağ yuxarı ətrafın hərəkət məhdudluğu ilə müşayiət olunan, sağ said nahiyəsinin əzilməsi, ağrılı və şişkin genişsahəli hematoma ilə xarakterizə edilən xəsarətlər alıb. Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, həmin xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngüldərəcəli bədən xəsarəti kimi qiymətləndirilib.
Bununla da, Ömər Cəfərov Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətməkdə təqsirləndirilib.
Məhkəmə hazırlıq iclasında Ömər Cəfərov özünü təqsirli bilib. O deyib ki, hadisə günü evdə olarkən Mənsumə Cəfərovanın uşaqlar üçün yemək hazırlamamasına irad bildirib və bu səbəbdən aralarında mübahisə yaranıb.
Təqsirləndirilən şəxs ifadəsində qeyd edib ki, mübahisədən sonra o, evi tərk edib.
Ömər sonradan həyat yoldaşı ilə barışdıqlarını, dəymiş ziyanın ödənildiyini bildirərək cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini məhkəmədən xahiş edib.
Məhkəmədə dindirilən Mənsumə Cəfərova da hadisənin göstərilən qaydada baş verdiyini təsdiqləyib.
Zərərçəkmiş şəxs qeyd edib ki, mübahisə təxminən 10 dəqiqə davam edib və hadisə zamanı istifadə etdiyi mobil telefona hər hansı ziyan dəyməyib.
Eyni zamanda, o, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etdiyini bildirib.









