Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Oruc Rumıniyaya işgüzar səfəri çərçivəsində bu ölkənin Senatında olub.
AQC sədrinin Buxarestdə yerləşən, ölkənin ən möhtəşəm memarlıq abidələrindən və tarixi binalarından biri sayılan Parlament Sarayı ilə tanışlığı təşkil edilib. Daha sonra Vüqar Oruc Rumıniya Senatının iki üzvü ilə görüşüb.

Görüşdə Milli Liberal Partiyası fraksiyası sədrinin müavini, Avropa Şurası Parlament Assambleyasındakı Rumıniya nümayəndə heyətinin üzvü, senator Kristian-Avqustin Nikulesku-Tsıqırlaş və Senatın Ətraf Mühit Komissiyasının sədri, senator Qlad Varqa iştirak ediblər.
Söhbət zamanı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin fəaliyyəti, ölkəmizdə qiymətləndirmə sektorunun inkişafı və bu sahədə beynəlxalq təcrübənin tətbiqi imkanları müzakirə olunub.

Vüqar Oruc senatorlara Azərbaycanda qiymətləndirmə fəaliyyətinin təşkili, peşəkar qiymətləndiricilərin hazırlanması, milli qiymətləndirmə standartlarının formalaşdırılması və beynəlxalq təşkilatlarla əməkdaşlıq istiqamətində görülən işlər barədə məlumat verib. O, qiymətləndirmənin əmlak bazarı ilə yanaşı, investisiya, maliyyə və iqtisadi qərarların qəbulunda da mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

Görüşdə senator Qlad Varqanın təmsil etdiyi ətraf mühit istiqaməti ilə bağlı məsələlərə də toxunulub. Yaşıl iqtisadiyyat, dayanıqlı inkişaf, ekoloji amillərin torpaq və daşınmaz əmlakın dəyərinə təsiri, ekoloji risklərin qiymətləndirmə prosesində nəzərə alınması barədə fikir mübadiləsi aparılıb. Bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi və müasir qiymətləndirmə metodlarının tətbiqinin əhəmiyyəti vurğulanıb.
Müzakirələr zamanı Avropa qiymətləndirmə standartları, peşəkar təşkilatlar arasında əlaqələrin genişləndirilməsi və Rumıniyanın bu sahədəki təcrübəsinin Azərbaycan mütəxəssisləri ilə bölüşülməsi imkanları da diqqət mərkəzində olub.
Senatorlar AQC ilə ANEVAR arasında imzalanmış əməkdaşlıq haqqında memorandumu yüksək qiymətləndirib.

Vüqar Oruc AQC-nin beynəlxalq əməkdaşlıq istiqamətində həyata keçirdiyi təşəbbüslər və Azərbaycan qiymətləndiricilərinin Avropa peşəkar məkanında təmsilçiliyinin genişləndirilməsi barədə məlumat verib.
Qeyd edək ki, Rumıniya Senatı ölkənin ikipalatalı parlamentinin yuxarı palatasıdır və qanunvericilik fəaliyyətində, qanun layihələrinin müzakirəsi və qəbulunda mühüm rol oynayır. Senat həmçinin hökumətin fəaliyyətinə parlament nəzarətinin həyata keçirilməsində, beynəlxalq müqavilələrin ratifikasiyasında və dövlətin siyasi-hüquqi sisteminin fəaliyyətində iştirak edir.
Xatırladaq ki, Vüqar Orucun Rumıniyaya səfəri çərçivəsində Azərbaycanın bu ölkədəki səfiri Qüdsi Osmanovla görüş keçirilib, Rumıniya Qiymətləndiricilər Palatası (ANEVAR) ilə əməkdaşlıq memorandumu imzalanıb. Rumıniya tərəfi, həmçinin 2028-ci ildə Avropa Qiymətləndiricilər Assosiasiyaları Qrupunun (TEGoVA) beynəlxalq toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib.









