2016-cı il Aprel döyüşləri Azərbaycanın müasir tarixinin ən şanlı səhifələrindən biridir. Birinci Qarabağ müharibəsində Ermənistan xaricdən böyük dəstək alaraq Azərbaycan torpaqlarının bir hissəsini işğal etmişdi. Hesab edirdilər ki, Azərbaycanı torpaq itkisi ilə razılaşmağa məcbur edəcəklər.
Ancaq Azərbaycan əvvəlcə ümummilli lider Heydər Əliyevin, sonra isə Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətini gücləndirdi, iqtisadiyyatını yenidən qurdu, güclü ordu yaratdı, sağlam milli ideologiya isə cəmiyyətin aparıcı xətlərindən birinə çevrildi. 10 il əvvəl Aprel döyüşlərində Azərbaycan əsgəri öz rəşadətini göstərdi.
Bu sözləri Tribuna.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə bu il 10 ili tamam olan Aprel döyüşləri ilə bağlı danışarkən deyib.
Deputat bildirib ki, Ermənistan bunu gözləmirdi və dünya hesab edirdi ki, Azərbaycanı ya torpaq itkisi, ya da siyasi təzyiq yolu ilə torpaqlarının itirilməsi ilə barışdırmaq mümkün olacaq:
“Amma qısa zaman ərzində torpaqlarımızın bir hissəsini işğaldan azad etdik. Bu, Azərbaycan Ordusunun gücünü göstərdi. Bu bizə inam verdi ki, biz daha böyük uğurlara da nail ola bilərik.
Əsgərimiz güclü idi, ordumuz kifayət qədər müasir silahlarla silahlanmışdı, ölkənin daxili və xarici siyasəti düzgün qurulmuşdu. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan nəyə qadir olduğunu göstərdi. Sonradan isə Vətən müharibəsində və birgünlük antiterror əməliyyatında biz erməni işğalına tamamilə son qoyduq.
Ermənistan məcburiyyət qarşısında sülh müqaviləsi üzərində işləməyə razılıq verdi. Əgər bu il Ermənistan Konstitusiyasında Azərbaycan ərazisinə olan iddialar aradan qaldırılarsa, biz Ermənistanla normal qonşuluq münasibətləri qura bilərik”.
Deputat Aydın Mirzəzadə əlavə edib ki, Aprel hadisələri Azərbaycanın daha böyük döyüşlərə hazırlıq səviyyəsini ortaya qoydu:
“Aprel döyüşləri Azərbaycan dövlətinin və xalqının ruh gücünü göstərdi. Bundan sonra da Azərbaycan hər zaman öz suverenliyini qorumaq gücündə olacaq. Çünki öz torpağını sevən Azərbaycan xalqı, döyüşməyi bacaran əsgəri, ölkəni yüksək səviyyədə idarə etməyi bacaran və xalq tərəfindən dəstəklənən lideri var”.
Nigar İxtiyarqızı









