Son günlər ölkə ərazisində əsl bahar ab-havası hökm sürür. Fevral ayı olmasına baxmayaraq, havalar normadan isti keçir, günəşli və sabit hava şəraiti müşahidə olunur.
Bəs bu istilik uzunmüddətlidirmi, yoxsa bizi yenidən qış şaxtası gözləyir?
Məsələ ilə bağlı Tribuna.az-a açıqlama verən meteroloq Cavid Əliyev bildirib ki, son günlər Atlantik siklonların isti sektorlarının təsiri nəticəsində ölkəmizə cənub-qərbdən qızğın hava daxil olmuşdur.
Mütəxəssisin sözlərinə görə, bu səbəbdən bir çox bölgələrdə anomal isti hava şəraiti müşahidə olunur. Ən yüksək göstəricilər Böyük Qafqazın şimal-şərq yamaclarındadır.
Belə ki, Qubada fevralın 16-da 27 dərəcə isti qeydə alınmışdır. Bu, fevral ayı üçün rekord göstəricidir. Müsbət temperatur anomaliyası da ölkə ərazisində çox yüksəkdir və 10-15 dərəcəni keçmişdir.
Bu prosesin bir neçə gün davam edəcəyini bildirən meteroloq əlavə edib:
“Fevral ayının 19-na kimi bu proses davam edəcək. Fevralın 20-dən hava şəraitinin dəyişiləcəyi gözlənilir”.
Dəniz Pənahova










