Əbülfəz Qarayevin qızı Suad Qara tərəfindən ekranlaşdırılan “Məhsəti” filmi ətrafında son günlər yaranmış müzakirələr ictimaiyyətin böyük marağına səbəb olub. Həmçinin, Mədəniyyət Nazirliyinin nəzdindəki Bədii Şuranın “Məhsəti” qısametrajlı bədii filminin Bakı Film Festivalında nümayişinə də qadağa qoyulub.
Hadisə ilə bağlı Tribuna.az-a açıqlama verən rejissor Amil Amal film və film ətrafında dönən söz-söhbətlər barədə fikirlərini bildirib.
A. Amal açıqlamasında deyib:
“Sözün düzü filmi izləməmişəm. Amma deyim ki, həmin rejissorun bundan əvvəlki filminə baxmışdım. Çox xoşuma gəlmişdi. Estetik olaraq çox bəyənmişdim. “Məhsəti” filminin isə kadrlarını gördüm. Əslində, qəbahət bir şey hiss etmədim. Düşünmürəm ki, filmdə katastrofik bir şey baş versin. Filmi izləmədiyimə görə, dramaturji olaraq nəyin nə olduğunu bilmirəm. Ümumiyyətlə, qadağa qoyulmasına qarşıyam. Gedişata baxıram, aktrisa dostluğumda var, izləyirəm və istedadlı xanım kimi tanıyıram. Həmin filmdə öpüşdüyü kişi belə, onun öz həyat yoldaşıdır. Ümumiyyətlə, filmdə öpüşdüyü adam əri olmasa belə, aktrisanın səhnədə başqa kişi ilə öpüşməsi qəbahət deyil. Mən ümumiyyətlə pis bir şey kimi baxmıram. Kütlənin sosial şəbəkələrdəki rəylərini oxuyuram və mənə gülməli gəlir. Kütlə bu filmi linçləyirsə, əminəm ki, pis film deyil. Çünki hiss edirəm ki, hamısı, (bu psixologiyada da var) özlərinin etmək istədiyi, amma edə bilməyib özlərinin çərçivəyə aldığı tabular var. Hamısının rəylərində o hiss olunur. Hətta o tabular insanlarda o qədər bərkiyib ki, bunu daha çox ifadə edib, pafosla bildirmək, “asmaq”, “kəsmək” kimi sözlərlə bildirirlər. Bu da təbii ki, mənə bir rejissor kimi gülməli gəlir.”
Rejissor qeyd edib ki, hətta bu hadisənin özü belə, film mövzusudur.
” Filmin qadağa olunması, kütlənin bu cür danışması sosial bir problemdir. Bu məsələ də filmlərdə araşdırılmalı, səbəbləri tapılmalıdır. Ümumiyyətlə, biz bu düşüncə ilə hara gedirik?!”
“Bu film festivalda qalsaydı, bu söhbəti 50-100 adam biləcəkdi. Və üstündən keçiləcəkdi. Amma festivaldan çıxarıldıqdan sonra rezonans olmağı bir az suallar doğurur.”
Filmdən kadrları təqdim edirik:
Dəniz Pənahova









