ABŞ və İran arasında gərginlik davam edir.
Tribuna.az xəbər verir ki, Omanda keçirilən görüş belə bu gərginliyin azalmasına səbəb olmayıb.
Ötən gün açıqlama verən İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Məhəmməd Rza Möhseni Sani bildirib ki, onlar ABŞ-ın mümkün hücumlarına hazırdırlar: “Biz mümkün hücuma tam hazırıq. Çünki ABŞ-a və onlarla danışıqlara etibarımız yoxdur”.
Elə ABŞ-dakı hərbi elitanın nümayəndələri də Tehranla danışıqları əhəmiyyətsiz hesab edir. ABŞ ordusunun keçmiş baş qərargah rəisi Cek Kin bildirib ki, İranla razılıq əldə olunsa da, Tehran onu pozacaq. “Həm də regionda sabitliyi pozmağa davam edəcək”.
Onun sözlərinə görə, ABŞ-ın hücumu bir və ya iki gecə ilə məhdudlaşan bir əməliyyat olmayacaq. “Bu hücum bütün İslam Respublikası sistemi hədəfə alınacaq”.
Kin hesab edir ki, İrandakı rejimin ömrü heç bir razılaşma ilə uzadılmamalıdır. “Bu vəziyyətdə hərbi seçim üstünlük verilən seçimdir. Çünki bu, bu hökumətin süqutuna yol açır”.
Fərda Uğur









