2025-ci ili geridə qoymağa hazırlaşdığımız bu günlərdə bir çox insan üçün Yeni il gecəsi ölçünün bir qədər aşıldığı süfrələr və ardınca gələn çətin pəhriz siyahıları deməkdir. Lakin son illərdə yalnız yanvar ayı ilə məhdudlaşan “alkoqolsuz həyat” axını artıq keçici maraqdan çıxaraq ilin tamamına yayılan davamlı həyat tərzinə çevrilir.
Qaynarinfo xəbər verir ki, diqqətçəkən məqam isə bu dəyişimin bayraqdarlığını adətən əyləncə və qaydasızlıqla əlaqələndirilən gənc nəslin etməsidir. “Gallup” tərəfindən aparılan son araşdırmalar böyüklər arasında alkoqol istehlakının son 90 ilin ən aşağı səviyyəsinə endiyini ortaya qoyur.
Dünya üzrə içki mədəniyyətinin zəifləməsi xüsusilə Z nəsli və gənc Y nəsli arasında aydın tendensiyaya çevrilib. ABŞ məlumatlarına görə alkoqol istifadə etdiyini bildirən böyüklərin payı cəmi bir neçə il ərzində 62 faizdən 54 faizə düşüb.
Həftəlik istehlak edilən içki miqdarı da oxşar şəkildə azalır. Sakit okeanın o tayında, Avstraliyada aparılan tədqiqatlar isə daha diqqətçəkən mənzərəni göstərir: Z nəsli nümayəndələri “Boomer” nəslinə nisbətən alkoqoldan uzaq durmağa 17 dəfə daha meyllidir. Böyük Britaniyada da adambaşına düşən orta içki miqdarı son iyirmi illə müqayisədə ciddi şəkildə azalaraq 10 vahid həddinə enib.
Bəs qədəh qaldırma vərdişi niyə bu qədər sürətlə dəyişib? Mütəxəssislər bu vəziyyəti bir neçə əsas səbəblə izah edir. İlk sırada gənclərin öz bədənlərinə qarşı artan həssaslığı və yüksələn sağlamlıq şüuru dayanır. Digər tərəfdən isə artan yaşayış xərclərinin əyləncə vərdişlərini məhdudlaşdırması kimi iqtisadi reallıqlar mövcuddur. Alkoqol istifadə etməməyin artıq “norma”ya çevrilməsi gənclərin sosial mühitlərdə özünü sübut etmə və ya mühitə uyğunlaşma təzyiqini də xeyli azaldır.









