Piyada gəzmək sağlamlıq üçün ən faydalı fiziki fəaliyyətlərdən biri hesab olunur. Bir çox insan gündə 10 min addım atmağa çalışır, lakin bunu həyata keçirmək üçün bəzən gəzintini bir neçə hissəyə bölmək lazım gəlir. Bəs bir uzun gəzinti bir neçə qısa gəzinti ilə eyni faydanı verirmi?
Tribuna.az xəbər verir ki, bu barədə TODAY.com yazıb.
Məqalədə qeyd olunur ki, istənilən fiziki aktivlik hərəkətsizlikdən daha faydalıdır. Bununla belə, 2025-ci ildə “Annals of Internal Medicine” jurnalında dərc olunan araşdırma uzunmüddətli gəzintilərin ürək sağlamlığı baxımından daha üstün nəticələr verdiyini göstərib.
Alimlər 33 mindən çox böyüklüyün gəzinti vərdişlərini təxminən 8 il izləyiblər. Nəticələrə görə, ən azı 15 dəqiqə fasiləsiz gəzən insanların ürək-damar xəstəliklərinə tutulma və vaxtından əvvəl ölüm riski daha qısa gəzintilər edənlərlə müqayisədə aşağı olub.
Madrid Avropa Universitetinin idman elmləri professoru Borxa del Poso Kruzun sözlərinə görə, xüsusilə oturaq həyat tərzi keçirən insanlar üçün daha uzun gəzintilər sağlamlığa daha güclü müsbət təsir göstərir.
Mütəxəssis bildirir ki, fasiləsiz davam edən gəzinti ürəyi qoruyan bioloji mexanizmləri aktivləşdirir. Qısa gəzintilər də faydalı olsa da, onlar eyni intensivlik və müddəti təmin etmədiyi üçün uzun gəzintilərlə müqayisədə eyni effekti verməyə bilər.
Ekspertlər həftənin əksər günlərində ən azı 30 dəqiqə orta templə piyada gəzməyi tövsiyə edirlər. Yeni başlayanlar isə gündə 5–10 dəqiqəlik gəzintidən başlayaraq müddəti və tempi tədricən artıra bilərlər.
Araşdırmada həmçinin vurğulanır ki, məşhur 10 min addım hədəfi elmi əsasdan çox şərti göstəricidir. ABŞ Milli Səhiyyə İnstitutunun məlumatına görə, bəzi insanlar üçün sağlamlığa müsbət təsir gündə təxminən 4 min addımdan başlayır.
İmran Kərimli









