Aİ-Rusiya şayiələri Ukrayna həqiqətini üzə çıxardı – The Guardian

Aİ-Rusiya şayiələri Ukrayna həqiqətini üzə çıxardı – The Guardian

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son vaxtlar Avropa İttifaqı ilə Rusiya arasında mümkün danışıqlarla bağlı şayiələr aktiv şəkildə yayılmağa başlayıb.

Tribuna.az  xarici mətbuata istinadən xəbər verir ki, həmçinin Aİ-ni Rusiya ilə sülh danışıqlarında hansı keçmiş Avropa siyasətçilərinin təmsil edə biləcəyi barədə müzakirələr aparılır.

The Guardian üçün köşə yazısında çıxış edən Natalie Tocci qeyd edir ki, hazırda bu müzakirələr daha çox abstrakt xarakter daşıyır. Çünki yaxın zamanda real danışıqların başlanacağı gözlənilmir və Ukraynada müharibə davam edir.

“Lakin Avropada etibarlı vasitəçilərin Vladimir Putinlə danışıqlar apara biləcəyi barədə boş söhbətlər belə, əslində daha dərin bir həqiqəti ortaya qoyur… 2022-ci ilin sonundan bəri ilk dəfədir ki, bu qədər əminlik hiss edirəm”, – müəllif yazır.

Məqalədə vurğulanır ki, ukraynalıların müharibə ilə bağlı heç bir illüziyası yoxdur. Onlar Rusiyanın enerji infrastrukturuna ağır zərbələr endirdiyi dağıdıcı bir qışı geridə qoyublar və qarşıda daha ağır bir qışın olacağından ehtiyat edirlər. Bir çoxları Moskvanın növbəti mərhələdə su təchizatı infrastrukturunu hədəfə ala biləcəyindən qorxur.

Bununla yanaşı, ukraynalılar ABŞ tərəfindən xəyanətə uğradıqlarını düşündüklərini gizlətmirlər. Onların fikrincə, Donald Trampın hakimiyyətə qayıdışından sonra azalan hərbi dəstək artıq əvvəlki səviyyədə bərpa olunmayacaq.

Həmçinin onlar ABŞ-ın Rusiya neftinə qarşı sanksiyaları müvəqqəti yumşaltmasının da daimi xarakter alacağını düşünürlər.

“Ümumilikdə ukraynalılar müharibənin yaxın vaxtlarda başa çatacağına inanmırlar. Əksəriyyət hesab edir ki, Putin hakimiyyətdə qaldığı müddətdə müharibə davam edəcək. Eyni zamanda onlar hazırkı şəraitdə Rusiyanın işğal etdiyi ərazilərin böyük hissəsini geri qaytara biləcəklərinə də inanmırlar”, – müəllif qeyd edir.

Buna baxmayaraq, ukraynalılar Rusiyanın hərbi maşınının getdikcə daha yavaş hərəkət etdiyini və demək olar ki, dayanma nöqtəsinə çatdığını müşahidə etdiklərini bildirirlər. Rusiyanın iqtisadiyyatında yaranan çatlar da artıq daha aydın görünməyə başlayıb.

“Bu o demək deyil ki, Putin dayanacaq. Amma bu vəziyyət ukraynalıların müqaviməti davam etdirmək imkanlarına inamını gücləndirir”, – məqalədə deyilir.

Məqalədə Ukraynanın müdafiə sənayesinin nailiyyətlərinə də diqqət çəkilir. Bildirilir ki, dörd il əvvəl Ukrayna tamamilə xarici hərbi yardımdan asılı olduğu halda, indi ordunun istifadə etdiyi hərbi imkanların təxminən 60 faizi ölkə daxilində istehsal olunur. Bundan başqa, Ukrayna şirkətləri ilə əməkdaşlıq etmək istəyən Avropa müdafiə şirkətlərinin sayı artır.

“Ukraynalılar artıq əmindirlər ki, Avropa hökumətləri onları tək qoymayacaq. Bu inam Viktor Orbanın hakimiyyətdən getməsindən sonra daha da güclənib. Onlar bunu Avropanın xeyirxahlığı ilə deyil, Avropanın öz maraqlarını düzgün qiymətləndirməsi ilə əlaqələndirirlər”, – müəllif vurğulayır.

İmran Kərimli