“Ümumiyyətlə, bitki və heyvanlarda parazitlik edən müxtəlif virusların və digər mikroorqanizmlərin insana keçməsi təəccüblü deyil. Əhalinin sürətlə artması, təbii ekosistemlərin daralması, flora və fauna növlərinin məhv olması insanla vəhşi təbiət arasındakı təması artırır. Bu isə yeni infeksiyaların meydana çıxmasına və yayılmasına şərait yaradır”.
Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla ABŞ-da son illərin ən böyük siklosporoz epidemiyasını şərh edərkən deyib.
Adil Qeybulla hesab edir ki, qlobal ekoloji dəyişikliklər, urbanizasiya və qida təhlükəsizliyi sahəsindəki boşluqlar insanlarda yeni infeksiyaların yaranması riskini artırır. Onun fikrincə, son illərdə müşahidə olunan zoonoz və parazitar xəstəliklərin yayılması bu prosesin təbii nəticəsidir. Professorun sözlərinə görə, müxtəlif bakteriyaların, virusların və parazitlərin insanlara keçməsi artıq müasir epidemiologiyanın gözlənilən reallıqlarından biridir:
“Bu konkret halda siklosporoz infeksiyasının yayılması ilk növbədə qida təhlükəsizliyi və gigiyena qaydalarının pozulması ilə bağlıdır. Xüsusilə yarımfabrikat məhsulların hazırlanması və saxlanılması zamanı sanitariya normalarına əməl olunmaması infeksiyanın yayılmasına şərait yaradır. Yaşıl yarpaqlı tərəvəzlər, xüsusən də kahı kifayət qədər yuyulmadıqda parazit orqanizmə keçə bilər. Meksikadan idxal edilən və Meksika mətbəxi təqdim edən bəzi restoranlarda istifadə olunan məhsullarla bağlı yoluxma hallarının qeydə alınması bunu göstərir. Lakin bu, bütün kahı məhsullarının təhlükəli olması anlamına gəlmir”.

Adil Qeybulla vurğulayıb ki, bütün meyvə və tərəvəzlər istehlakdan əvvəl axar su altında diqqətlə yuyulmalıdır:
“Söhbət yalnız Cyclospora parazitindən getmir. Echinococcus, müxtəlif helmintlər və digər parazitlər də çirkli meyvə-tərəvəz vasitəsilə insan orqanizminə keçə bilər. Tərəvəzlər torpaqda yetişdirilir, bəzən çirkab və ya kifayət qədər təmizlənməmiş su ilə suvarılır. Bundan başqa, əkin sahələrinə heyvanların daxil olması da bioloji çirklənmə riskini artırır. Buna görə meyvə və tərəvəzlərin yuyulması sadə gigiyenik qayda deyil, infeksiyalardan qorunmanın əsas şərtlərindən biridir”.
Professorun fikrincə, yarımfabrikat məhsulların istehsalı, daşınması və idxalı üzərində sanitariya nəzarəti gücləndirilməlidir:
“ABŞ-a idxal olunan bu cür məhsullar sərhəddə ciddi laborator nəzarətdən keçirilməlidir. Necə ki, transsərhəd keçid məntəqələrində narkotik vasitələr və digər təhlükəli maddələr aşkar edilir, eyni həssaslıq qida təhlükəsizliyi məsələlərinə də tətbiq olunmalıdır. Hesab edirəm ki, mövcud nəzarət mexanizmlərindəki boşluqlar da belə epidemiyaların yaranmasında müəyyən rol oynayır”.
Qeyd edək ki, ABŞ-da son illərin ən böyük siklosporoz epidemiyası qeydə alınıb. ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin (CDC) məlumatına görə, ölkə üzrə 10 400-dən çox laborator təsdiqlənmiş yoluxma halı aşkarlanıb, daha 12 255 nəfərdə isə infeksiyaya yoluxma ehtimalı müəyyən edilib.
İlkin araşdırmalara əsasən, yoluxmaların Meksikadan idxal edilən və Taco Bell restoranlarında istifadə olunan kahı ilə əlaqəli olduğu ehtimal edilir. Siklosporoz Cyclospora parazitinin törətdiyi bağırsaq infeksiyasıdır və əsasən insan nəcisi ilə çirklənmiş su və ya qida məhsulları, xüsusilə meyvə və tərəvəzlər vasitəsilə yayılır.









