Afrika Millətlər Kubokunda (AFCON) əldə ediləcək uğurun Məhəmməd Salahın “Qızıl top” şanslarına təsir etməyəcəyi ilə bağlı səslənən fikirlərə Emmanuel Adebayor sərt reaksiya verib.
Tribuna.az xəbər verir ki, Afrika Millətlər Kubokunda mübarizə davam etdiyi bir vaxtda, turnuva ilə bağlı İngiltərədən gələn açıqlamalar müzakirələrə səbəb olub. “Liverpul”un sabiq kapitanı və futbol şərhçisi Ceymi Karraher Məhəmməd Salahın AFCON-da mümkün uğurunun “Qızıl top” (Ballon d’Or) yarışında həlledici rol oynamayacağını bildirib.
Karraher Afrika Millətlər Kubokunun Avropa çempionatı və dünya çempionatı qədər nüfuza malik olmadığını vurğulayıb.
Bu fikirlərə Afrika futbolunun tanınmış simalarından biri, CAF-ın (Afrika Futbol Konfederasiyası) elçisi Emmanuel Adebayor münasibət bildirib. O, Salahın və ümumilikdə Afrika Millətlər Kubokunun dəyərsizləşdirilməsinin doğru olmadığını deyib.
Adebayorun sözlərinə görə, AFCON Afrika qitəsi üçün ən yüksək səviyyəli futbol turnuvasıdır və burada göstərilən performans futbolçuların fərdi mükafatlar uğrunda mübarizəsində nəzərə alınmalıdır.
Qeyd edək ki, Mərakeşin ev sahibliyi etdiyi 2025 Afrika Millətlər Kuboku dekabrın 21-də start götürüb. Turnuva 18 yanvar 2026-cı il tarixində keçiriləcək final qarşılaşması ilə başa çatacaq.
Məhəmməd Salahın liderliyində Misir millisinin turnuvadakı çıxışı futbol ictimaiyyəti tərəfindən diqqətlə izlənilir.
İmran Kərimli









