Ad günü münasibətilə spirtli içki qəbul etdikdən sonra bacısını döyərək ona yüngül xəsarət yetirən şəxs barəsində məhkəmə hökmü çıxarılıb.
Tribuna.az xəbər verir ki, məhkəmənin hökmünə əsasən, təqsirləndirilən şəxs şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı bacısının baş nahiyəsinə təpiklə zərbə endirib. Hadisə nəticəsində zərərçəkmiş şəxsin sağ göz nahiyəsində qançır və şişkinlik, həmçinin sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül bədən xəsarətləri qeydə alınıb.
Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü tam təqsirli bildiyini deyib. O bildirib ki, hadisə baş verən gün – mayın 22-də ad günü münasibətilə ailə üzvləri ilə birlikdə evdə məclis təşkil edib və spirtli içki qəbul edib. Daha sonra mağazadan araq alaraq küçədə də içki içdiyini söyləyib.
Onun sözlərinə görə, axşam saatlarında nənəsinin evinə gedərək anasından pul istəyib. Anası onun sərxoş vəziyyətdə olduğunu görərək buna etiraz edib. Bu zaman bacısı da mübahisəyə müdaxilə edərək anası ilə mübahisəni dayandırmasını, əks halda polisə müraciət edəcəyini deyib.
Təqsirləndirilən şəxs ifadəsində qeyd edib ki, bacısının bu sözlərindən sonra onun arxasınca küçəyə çıxıb. Bacısı qaçmağa başlayıb, o isə yaşadıqları evin qarşısında ona çatıb. Bacısı müvazinətini itirərək yıxıldıqdan sonra sifət nahiyəsinə təpiklə zərbə endirib. Hadisəyə anası müdaxilə edərək onları ayırıb.
Məhkəmədə təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etdiyini, peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını və dəymiş ziyanı tam ödədiyini bildirib. O, zərərçəkmiş şəxsin artıq ondan şikayətçi olmadığını da qeyd edərək, azadlıqdan məhrumetmə ilə bağlı olmayan yüngül cəza təyin edilməsini xahiş edib.
Məhkəmə təqsirləndirilən şəxsi Cinayət Məcəlləsinin 128-ci maddəsi (qəsdən sağlamlığa yüngül zərər vurma) ilə təqsirli bilərək ona 320 saat ictimai iş cəzası təyin edib.
Qaynarinfo









