ABŞ kəşfiyyatı Rusiyanın NATO-ya qarşı mümkün addımları ilə bağlı qiymətləndirməsini yeniləyib. Tribuna.az bildirir ki, The Wall Street Journal-ın yazdığına görə, yeni hesabatlarda Rusiya Prezidenti Vladimir Putinin Ukraynadakı müharibə başa çatmadan belə NATO-nun qətiyyətini sınağa çəkməyə cəhd göstərə biləcəyi bildirilir.
Əvvəllər Vaşinqton hesab edirdi ki, Moskva Ukraynadakı müharibə bitənədək NATO üzvü olan ölkələrə qarşı təxribat xarakterli addımlar atmayacaq. Lakin bu ilin əvvəlində ABŞ kəşfiyyatı bu qiymətləndirməni dəyişib. Hesabatda qeyd olunur ki, Ukraynanın pilotsuz uçuş aparatlarının hücumları nəticəsində Rusiyanın hərbi və enerji infrastrukturu daha çox zərər görür, cəbhədə isə Rusiya ordusunun irəliləyişi zəifləyir və itkilər artır.
ABŞ kəşfiyyatının fikrincə, Kreml belə şəraitdə NATO daxilində parçalanma yaratmağa çalışa bilər.
Mümkün ssenarilər
Hesabatda Rusiyanın mümkün addımlarının müxtəlif ssenariləri göstərilir. Bunlara NATO ölkəsinə qarşı kiberhücum, kimliyi bilinməyən silahlı qrupların məhdud əraziyə yeridilməsi və ya alyansın şərq cinahına məhdud hərbi müdaxilə daxildir.
ABŞ kəşfiyyatının qiymətləndirməsinə görə, bu cür addımlar 2026-cı ilin payızından 2029-cu ilədək istənilən vaxt baş verə bilər.
Məhdud quru əməliyyatı ən az ehtimal olunan ssenari hesab edilsə də, zaman keçdikcə riskin artdığı bildirilir. Bununla yanaşı, NATO-nun kollektiv müdafiəni nəzərdə tutan 5-ci maddəsinin kiber və hibrid təhdidlərə necə tətbiq ediləcəyi tam dəqiq müəyyən edilməyib.
NATO-nun Avropadakı Ali Komandanlığı və ABŞ Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarını şərh etməkdən imtina edib. Alyansın nümayəndəsi polkovnik Martin O’Donnell isə bildirib ki, NATO bütün mümkün ssenariləri nəzərdən keçirir və istənilən təhlükəyə qarşı müdafiəyə hazırdır.
Ən riskli istiqamətlər
Qərb kəşfiyyat orqanları və hərbi analitiklər Rusiya ilə NATO arasında mümkün qarşıdurmanın ən ehtimal olunan istiqamətləri kimi Baltikyanı ölkələri və Polşanı göstərirlər.
Bundan əvvəl ABŞ kəşfiyyatı Polşanı ölkənin kritik infrastrukturuna qarşı mümkün Rusiya təxribatları barədə xəbərdar edib. Litva kəşfiyyatı isə Rusiyanın ələ keçirdiyi Ukrayna pilotsuz aparatlarından istifadə edərək Baltik regionunun kritik infrastrukturuna hücum edə biləcəyini istisna etməyib.
İmran Kərimli









