ABŞ İranla anlaşa biləcəkmi? –MÜMKÜN SENNARİLƏR

ABŞ İranla anlaşa biləcəkmi? –MÜMKÜN SENNARİLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlum olduğu kimi, dünən ABŞ İranla 40 günlük müharibədən sonra iki həftəlik atəşkəs elan edib.

Tribuna.az xəbər verir ki, Vaşinqton və Tehran qarşılıqlı təkliflər irəli sürərək, məsələdə razılaşıblar.

Qeyd edək ki, müharibənin əsas tərəflərindən biri olan İsrail də atəşkəs təklifini qəbul edib. Təl-Əviv hökuməti hətta Livana qarşı həyata keçirdiyi hərbi əməliyyatları da dayandırıb.

Məlumatlarda bildirilir ki, ABŞ və İran aprelin 10-da İslamabadda danışıqlara başlayacaq.

Bəs, bu danışıqlar nəticə verəcəkmi? Müharibə dayanacaqmı? Tribuna.az-a açıqlama verən siyasi şərhçi Fikrət Fəraməzoğlu bildirib ki, tərəflərin ortaq məxrəcə gəlməsi istisna deyil. Lakin o, ABŞ-ın İranın 10 bəndlik təkliflərini qəbul edəcəyinə inanmadığını deyib. “Həmin təkliflərdə elə bəndlər var ki, ABŞ-ın onları qəbul etməsi mümkün deyil. Daha doğrusu, həmin şərtləri qəbul edərsə, ABŞ-ın 40 gün ərzində boşuna müharibə apardığı bəlli olacaq. Məsələn, Livandakı “Hizbullah” və “HƏMAS”ın əvvəlki şərtlərdə fəaliyyət göstərməsi, uranın zənginləşdirilməsi, müharibə nəticəsində dəyəmiş zərərin ödənilməsi bunlardan bir neçəsidir. Vaşinqton bu tələbləri qəbul edərsə, məğlubiyyətini etiraf etmiş olacaq”.

O qeyd edib ki, hazırda bu mövzu ilə bağlı bir neçə mümkün sennari reallaşa bilər. Fəraməzoğlu öncəliklə vurğulayıb ki, İrandakı mövcud rejim qalsa belə, əvvəlki idarəçilik mümkün olmayacaq. “Çünki həm ciddi qüvvə itirib, həm də əvvəlki kimi idarəçiliyin olduqca mənfi təsirləri ilə üzləşə bilər. Böyük ehtimalla İrandakı rejim ciddi islahatlara gedəcək. Bir sıra qanunları və şərtləri yumuşaldacaq. Tam dünyəvi dövlət olmasa da, əvvəlki sərt şərit ölkəsi də olmayacaq. Bir növ Qətər və ya Oman modellərinə bənzər bir quruluş yaradacaqlar”.

Siyasi şərhçi mümkün sennarilərdən birinin tərəflərin ortaq məxrəcə gələcəyi ilə reallaşacağını bildirib. O qeyd edib ki, bunun üçün imkanlar var və tərəflərin razılaşması fonunda məsələ yekunlaşacaq. “Lakin digər sennarilər də var. Məsələn, atəşkəsin elə bir neçə danışıqlardan sonra pozulacağı və yenidən müharibənin başlayacağı mümkün versiyadır. Və ya ABŞ bundan sonra İranın daxilində prosesi başlatmaq üçün müxalifətə siyasi və maliyyə dəstəyi verərək, ölkəni içindən qartışdırmağa start verə bilər. Bu plan həmişə olub və bu gün də mövcuddur”.

Fəraməzoğlu yekunda bildirib ki, ABŞ və İranın anlaşmasında İsrailin də maraqları nəzərə alınmalı olacaq. Əks halda, müharibənin dayanması imkansız kimi görünür.

Fərda Uğur