ABŞ və İran arasında hazırda texniki səviyyədə də olsa, danışıqların davam etdiyi bir vaxtda hərbi əməliyyatların başlama ehtimalları da müzakirə olunur.
Tribuna.az xəbər verir ki, Dohada baş tutan heyətlərarası görüşün hələlik nəticə vermədiyi bildirilir.
Lakin ABŞ prezidenti Donald Tramp hər şeyin yaxşı getdiyini və İranın nüvəsizləşdirilməsi prosesinin uğurla davam etdiyini vurğulayıb.
Bu əsnada, “Reuters” Agentiyi ABŞ-İran müharibəsinin yenidən başlama ehtimalını araşdırıb. Həmin araşdırmaya görə, “ABŞ ilə İran arasında mövcud atəşkəs davamlı sülhün əlaməti sayılmır. “Bu, noyabr ayında keçiriləcək ABŞ ara seçkilərinə qədər müvəqqəti fasilə ola bilər. Vaşinqton Hörmüz boğazını açmaq və enerji bazarlarına təzyiqi azaltmaq məqsədi ilə Tehranın bəzi tələbləri ilə razılaşıb. Lakin noyabrdan sonra müharibənin yenidən başlama ehtimalı az deyil”.
İsraildə yayınlanan I24 News saytı isə bildirib ki, danışıqlar uğursuz olarsa, ABŞ-ın İrana qarşı hərbi əməliyyatlar variantını yenidən müzakirəyə çıxaracaq. “Bu məsələ ilə bağlı son vaxtlar ABŞ və İsrail arasında da müzakirələr aparılıb”.
Fərda Uğur









