ABŞ və İran arasında gedən danışıqlar artıq dalana dirənməkdədir.
Tribuna.az xəbər verir ki, ötən gün ABŞ və İranın bir birlərinə göndərdikləri danışıqlar üçün ilkin bəndlər qəbuledilməs hesab edilib.
İran tərəfi açıqlama verib ki, Vaşinqtonun təkliflərini qəbul etmək, məğlubiyyət deməkdir. Rəsmi Tehran yalnız onların şərtləri ilə danışıqlara hazır olduqlarını qeyd ediblər.
Dubayda yayınlanan “Eram News” saytı isə yazıb ki, Iranın Vaşinqtonun təklifinə mənfi cavabı Tehranla diplomatik həll yoluna nail olmağın yolunu bağlayıb. “Rəsmilər bildiriblər ki, Donald Trampın İrandan mənfi cavab aldıqdan sonra hansı tədbirlər görəcəyi hələ də bəlli deyil”.
ABŞ prezidenti Donald Tramp isə prosesə mənfi və hədələyəici tonda cavab verib. O bildirib ki, İranın təklifi qəbuledilməzdir. “Mən indicə sözdə “İran nümayəndələri”nin cavabını oxudum. Bu, xoşuma gəlmədi. Tamamilə qəbuledilməzdir”.
O daha sonra qeyd edib ki, Tehran iki gün əvvəl zənginləşdirilmiş uranı Vaşinqtona təhvil verməyə razılaşıb. “Lakin sonra planlardan geri çəkilib, çünki onlar bunu kağız üzərində yazmayıblar”.
Tramp sonda bəyan edib ki, atəşkəsin hər an pozula ehtimalı var. “Atəşkəs inanılmaz dərəcədə kövrək vəziyyətdədir”.
Bu əsnada, SEPAH-ın Bəqiyyətullah qərargahının komandiri Məhəmməd Əli Cəfəri danışıqlar üçün 5 şərt irəli sürüb. “İran yalnız müəyyən şərtlər yerinə yetirildiyi halda gələcək danışıqlar aparmağa hazır olacaq. Bütün cəbhələrdə müharibə bitənə, sanksiyalar tamamilə ləğv edilənə və İranın dondurulmuş aktivləri azad edilənə qədər hər hansı bir yenidən danışıqlar yolu bağlı qalacaq”.
O daha sonra iki şərti də əlavə edib. “Eləcə də müharibənin vurduğu ziyana görə kompensasiya və İran rejiminin Hörmüz boğazı üzərində suverenliyinin tanınması da əsas şərtdir”.
Fərda Uğur









