ABŞ-da Trampın Rusiya ilə dizel razılaşmasına qarşı addım

ABŞ-da Trampın Rusiya ilə dizel razılaşmasına qarşı addım

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tribuna.az xəbər verir ki, ABŞ Konqresinin 17 üzvü prezident Donald Tramp administrasiyasının Rusiyadan dizel yanacağı alınması planını bloklamaq məqsədilə qanun layihəsi təqdim edib.

ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsindəki demokratların yaydığı məlumata görə, təşəbbüs oktyabrın 16-da konqresmen Qreqori Miks tərəfindən irəli sürülüb. Layihənin məqsədi Rusiyanın enerji sektoruna qarşı sanksiyaları sərtləşdirmək və Moskva ilə nəzərdə tutulan yanacaq razılaşmasının qarşısını almaqdır.

Qanun layihəsi ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının (DFC) Rusiyanın enerji sektoruna investisiya yatırmasını qadağan etməyi nəzərdə tutur. Həmçinin ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) tərəfindən verilmiş ümumi lisenziyaların ləğvi və yenilərinin verilməsinin qadağan edilməsi təklif olunur. Sənəd qəbul edilərsə, Tramp administrasiyasından Rusiyanın enerji sektoruna qarşı əlavə sanksiyalar tətbiq etmək də tələb olunacaq.

Qanun layihəsini 16 demokrat və bir respublikaçı — Don Beykon dəstəkləyib. Onun qüvvəyə minməsi üçün qanunvericilik prosesindən keçməsi və qəbul edilməsi lazımdır.

Qeyd edək ki, oktyabrın 10-da Rusiya hökuməti dizel yanacağının ixracına qoyulan məhdudiyyətləri qismən yumşaldıb. Rusiya hökumətinin məlumatına görə, bu qərar Vladimir Putin və Donald Tramp arasında əldə olunmuş razılaşmaların icrası çərçivəsində verilib və ilkin mərhələdə dünya bazarına 500 min ton dizel yanacağının çıxarılmasına imkan yaradır.

ABŞ Maliyyə Nazirliyi də Rusiya dizelinin dünya bazarına tədarükünə aprel 2027-ci ilədək icazə verən müvəqqəti ümumi lisenziya təqdim edib. Bununla belə, Rusiya neft şirkətlərinə qarşı sanksiyalar qüvvədə qalır. Rusiyanın baş nazir müavini Aleksandr Novak oktyabrın 14-də bildirib ki, tədarük müqavilələri ilə bağlı ABŞ tərəfi ilə danışıqlar aparılır və mövcud məhdudiyyətlər şəraitində tədarük mexanizmi müəyyənləşdirilməlidir.

İmran Kərimli