Son günlər bir sıra vətəndaşların myGov.az platformasında aldıqları bildirişlər ictimai müzakirələrə səbəb olub. Bildirişlərdə qeyd olunur ki, “Azərbaycan Beynəlxalq Bankı” ASC müxtəlif tarixlərdə vətəndaşların məşğulluq və fərdi məlumatlarını sorğulayıb.
Məsələyə diqqət çəkən əsas məqam ondan ibarətdir ki, bu sorğuların vətəndaşların əvvəlcədən razılığı olmadan həyata keçirildiyi iddia olunur. Bir çox istifadəçi bildirir ki, bankla hər hansı aktiv kredit, müqavilə və ya hüquqi münasibətləri olmadığı halda belə, onların şəxsi məlumatlarına çıxış edilib.
Tribuna.az-ın araşdırmasına əsasən bu məsələ Azərbaycan Respublikasının Konstitusiyası baxımından ciddi suallar doğurur.
Azərbaycan Konstitusiyasının 32-ci maddəsində açıq şəkildə qeyd olunur:
“Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanmasına, saxlanmasına, istifadəsinə və yayılmasına yol verilmir.”
Eyni maddədə vurğulanır ki, şəxsi məlumatların sorğulanması yalnız qanunla müəyyən edilmiş xüsusi hallarda, o cümlədən cinayət təqibi və ya məhkəmə araşdırmaları zamanı mümkündür.
Mövzu ilə bağlı vəkil Əkrəm Həsənov Tribuna.az-a açıqlamasında bildirib ki, bu qanun pozuntusudur.
Vəkilin sözlərinə görə, ümumiyyətlə, müştərinin kredit tarixçəsini istəmək üçün qabaqcadan vətəndaşın razılığı lazımdır. Bank bunu pozubsa, vətəndaş həm Mərkəzi Banka, həm də məhkəməyə də şikayət edə bilər ki, mənəvi zərərin əvəzini pul ilə tələb etsin. Bu birinci dəfə deyil. Niyə edirlər, aydındır. Özlərinə müştəri bazasını sistemləşdirirlər. Baxırlar ki, kimə müraciət etsinlər. “Gəl, bizdən kredit al” məqsədi ilə. Amma bu qanun pozuntusudur.
Məsələ ilə bağlı Azərbaycan Beynəlxalq Bankının Mətbuat xidmətindən Tribuna.az-a bildirilib ki, bu cür sorğulamalar müştərinin əvvəlcədən verdiyi razılıq əsasında həyata keçirilir. Belə ki, müştəri Bankın hər hansı rəqəmsal məhsul və xidmətlərindən istifadə üçün müraciət edərkən, müraciət prosedurunun mərhələlərindən birində eyniləşdirmə məqsədilə fərdi məlumatlarının sorğulanmasına icazə verir. Belə sorğulamalarda məqsəd bank xidmət və məhsullarını müştəri üçün daha rahat və əlçatan etmək, həmçinin bank-müştəri münasibətlərində riskləri minimallaşdırmaqdır.
Məlumatlarının sorğulanmasını istəməyən şəxslər Mygov tətbiqində müvafiq funksionallığı deaktiv edə bilərlər.
Dəniz Pənahova











