Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Ağdam-Xankəndi yolunun təmirini 2 ildir yarımçıq qoyub.
Tribuna.az xəbər verir ki, bu barədə sözügedən yoldan istifadə edən İsrail Fərhad adlı vətəndaş sosial şəbəkədə tazıb. O bildirib ki, yolun bir hissəsi təmir edilib, digər hissəsi isə 2 ildir bərbad vəziyyətdə qalıb:
“Yolun bir tərəfi 1.5 ildir ki, hazırdır. Digər hərəkət hissəsi kələ-kötür, çala-çuxurdur. Bakı-Xankəndi avtobusu həmin ərazini addım-addım gedir. Azı yarım saat gəcikmə ilə çatır. Bütün avtomillərin asqı sisetemi dağılır. Yolun təmir olunmuş hissəsi ancaq prezident gələndən gələnə açılır. Ərazidə heç bir texnika işləmir. Camaata bu zülmü yaşatmağınızın səbəbi nədir?”.
Mövzu ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Tribuna.az-a cavab olaraq bildirilib ki, işlər mövcud hava şəraiti nəzərə alınmaqla və İnşaat Norma və Qaydalarına uyğun aparılır:
“Ağdam–Xankəndi yolu ilə bağlı bildirmək istərdik ki, hazırda yolun təmiri üzrə işlər təsdiq olunmuş qrafikə uyğun şəkildə davam etdirilir. Heç bir gecikmə və ya ləngimə qeydə alınmayıb. İşlər mövcud hava şəraiti nəzərə alınmaqla və İnşaat Norma və Qaydalarına uyğun aparılır.
Yolun bəzi hissələrində işlərin mərhələli şəkildə icra olunması səbəbindən fərqli vaxtlarda tamamlanma müşahidə oluna bilər. Bununla belə, bütün işlərin təyin olunmuş müddət çərçivəsində yekunlaşdırılması nəzərdə tutulub”.
Nigar İxtiyarqızı









