Tribuna.az xəbər verir ki, dünyanın ən uzunmüddətli elmi tədqiqatlarından biri sayılan Harvard Study of Adult Development illərlə aparılan müşahidələrdən sonra insanların xoşbəxtliyi ilə bağlı ən böyük miflərdən birini dağıdıb
Harvard University tərəfindən 1938-ci ildə başlayan və bu günə qədər 80 ildən çox davam edən bu araşdırmada əvvəlcə 724 nəfərin həyatı izlənilib, sonradan onların ailə üzvləri də daxil olmaqla iştirakçıların sayı 2000-dən çox insana çatıb, onların sağlamlığı, münasibətləri və həyat tərzi illər boyu analiz olunub
Araşdırma yalnız sorğularla məhdudlaşmayıb, iştirakçılar mütəmadi tibbi müayinələrdən keçib, psixoloji vəziyyətləri qiymətləndirilib, yaddaş və beyin testləri aparılıb, bu isə tədqiqatı real həyat üzərində qurulan ən geniş və dərin elmi layihələrdən birinə çevirib
Nəticə isə olduqca aydın olub, insanı uzunmüddətli xoşbəxt edən əsas faktor pul və ya karyera deyil, güvənli və keyfiyyətli münasibətlərdir
Araşdırmanın rəhbərlərindən biri olan Robert Waldinger bildirir ki, sosial əlaqələri güclü olan insanlar daha sağlam və daha uzun ömürlü olur, əksinə yalnızlıq həm psixoloji, həm də fiziki riskləri artırır və həyat keyfiyyətini aşağı salır
Müşahidələr göstərib ki, yaxın münasibətləri olan insanlar daha az stress yaşayır, ürək-damar xəstəlikləri riski aşağı olur və yaşlandıqca yaddaşlarını daha yaxşı qoruyurlar, bu da sosial əlaqələrin yalnız emosional deyil, eyni zamanda fiziki sağlamlıq üçün də vacib olduğunu ortaya qoyur
Alimlər konkret say göstərməsə də vurğulayır ki, xoşbəxtlik üçün yüzlərlə dost lazım deyil, insanın həyatında az sayda, amma səmimi və etibarlı münasibətlərin olması kifayət edir, əsas məsələ say yox, bu münasibətlərin keyfiyyətidir
Araşdırmada xüsusi olaraq qeyd olunur ki, xoşbəxtlik daha çox qazanmaq və ya daha çox işləməklə bağlı deyil, insanın həyatında güvənə biləcəyi, emosional dəstək ala biləcəyi insanların olub-olmaması ilə birbaşa əlaqəlidir
Başqa sözlə, xoşbəxtlik çox pulda yox, doğru insanlardadır.
İmran Kərimli









