40 yaşdan sonra BUNLARI EDİN

40 yaşdan sonra BUNLARI EDİN

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“40 yaşdan sonra qidalanmanıza və fiziki aktivliyinizə xüsusi diqqət yetirin”.

Tribuna.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov qurumun “Instagram” səhifəsində keçirilən canlı yayım zamanı deyib.

Həkim bildirib ki, insan sağlamlığı ilə nə qədər erkən məşğul olmağa başlasa, bir o qədər yaxşıdır. Onun sözlərinə görə, qəbul olunmuş yanaşmaya əsasən, 40 yaş sağlamlığın daha ciddi şəkildə nəzarətə götürülməli olduğu dövrdür.

“40 yaşa kimi nə etmisinizsə, qoyun qırağa. 40 yaşdan sonra artıq çox ciddi şəkildə sağlamlığınızla məşğul olmalısınız. Çünki bu yaşdan sonra əzələ və sümük itkisi başlayır, orqanizmdə qocalma prosesi sürətlənir, metabolizm zəifləyir”, – deyə E.Məmmədov qeyd edib.

O, 40 yaşdan sonra qidalanmada meyvə-tərəvəz, çərəz və zeytun yağına üstünlük verilməsini, fiziki aktivliyin artırılmasını tövsiyə edib.

Qastroenteroloq fiziki aktivliyin mütləq uzunmüddətli və ağır məşqlərdən ibarət olmadığını da vurğulayıb. Onun sözlərinə görə, qısa müddətli, intensiv fiziki aktivlik belə sağlamlıq üçün faydalı ola bilər.

E.Məmmədov bildirib ki, son tədqiqatlarda gün ərzində qısa müddətli intensiv hərəkətlərin ürək-damar və metabolik sağlamlıq baxımından əhəmiyyətli faydaları araşdırılır.

“Sağlamlığınızı qorumaq üçün saatlarla idman etməyə imkanınız olmasa belə, gündəlik fiziki aktivliyi həyatınıza daxil edin. Hətta qısa müddətli intensiv hərəkətlər belə gələcəkdə şəkərli diabet, yüksək təzyiq və digər problemlərin riskinin azalmasına kömək edə bilər”, – deyə həkim əlavə edib.