Yaponiyada dünyanın ən sürətli ev interneti istifadəyə veriləcək. Yeni tarif üzrə internetin sürəti 25 Gbit/saniyə təşkil edəcək. Müqayisə üçün qeyd edək ki, hazırda kütləvi istehlakçılar üçün mövcud olan maksimal sürət 10 Gbit/saniyə ilə məhdudlaşır.
Tribuna.az xəbər verir ki, bu sürət 100 GB həcmində oyunu və ya iki saatlıq 8K keyfiyyətli filmi cəmi 30 saniyəyə yükləməyə imkan verir. Belə nəticə FTTH (fiber to the home – evə qədər optik lif) texnologiyasının tətbiqi sayəsində əldə olunub. Gözlənilir ki, bir neçə abunəçi eyni optik lif bağlantısından birgə istifadə edəcək.
Tokio mənzillərinə ultrasürətli optik internetin çəkilişinə 2026-cı ilin mart ayında başlanılacaq. Lakin xidmət ucuz olmayacaq — aylıq abunə haqqı təxminən 28 min yen (təxminən 180 ABŞ dolları) təşkil edəcək.
Gələcəkdə Yaponiyanın telekommunikasiya nəhəngi NTT East müştərilərinə daha yüksək sürətli — 50 Gbit/saniyəyə qədər tariflər təklif etməyi planlaşdırır. Bununla belə, şirkət etiraf edir ki, bu potensialdan bütün cihazlar yararlana bilməyəcək. Çünki əksər istifadəçi kompüterləri 2,5 Gbit/s, nadir hallarda isə 5 və ya 10 Gbit/s şəbəkə adapterləri ilə təchiz olunur.
Eyni zamanda Yaponiyada elmi-tədqiqat mərkəzlərində məlumat ötürülməsi texnologiyaları da inkişaf etdirilir. Bu yaxınlarda tədqiqatçılar 1,02 petabit (127 500 GB) sürətinə nail olublar. Bu göstərici bütün “Vikipediya”nı cəmi bir saniyəyə yükləməyə imkan verir.









