Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində xüsusi yer tutan 28 May – Müstəqillik Günü milli azadlıq iradəsinin, müstəqil dövlətçilik ənənələrinin və xalqımızın siyasi yetkinliyinin parlaq təcəssümüdür. 1918-ci il mayın 28-də qəbul edilən İstiqlal Bəyannaməsi ilə Azərbaycan Şərqdə və müsəlman dünyasında ilk parlamentli demokratik respublikanı yaradaraq dünya siyasi xəritəsində müstəqil dövlət kimi yer aldı. Bununla xalqımızın əsrlər boyu yaşatdığı dövlətçilik ənənələri yeni məzmun qazandı, azadlıq və suverenlik idealları siyasi gerçəkliyə çevrildi.
Bu sözləri Tribuna.az-a Milli Məclisin deputatı Səbinə Salmanova deyib.
Onun sözlərinə görə, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinin məntiqi davamı idi:
“Tarixin müxtəlif mərhələlərində Azərbaycan torpaqlarında mövcud olmuş dövlətlər milli idarəçilik təcrübəsinin formalaşmasına, dövlətçilik təfəkkürünün inkişafına mühüm töhfələr verib. XX əsrin əvvəllərində milli özünüdərk prosesinin sürətlənməsi, maarifçilik ideyalarının geniş yayılması və ictimai-siyasi fikrin yüksəlişi nəticəsində müstəqil dövlət qurmaq arzusu reallığa çevrildi. Azərbaycan Xalq Cümhuriyyəti təkcə milli azadlıq idealının təntənəsi deyil, həm də müasir Azərbaycan dövlətçiliyinin siyasi və hüquqi əsaslarının formalaşdırıldığı tarixi mərhələ oldu. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Cümhuriyyət dövlət quruculuğu istiqamətində mühüm addımlar atdı. Dövlət atributları təsis edildi, milli ordu yaradıldı, parlament formalaşdırıldı, təhsil və mədəniyyət sahələrində mühüm qərarlar qəbul olundu. Ana dilinin dövlət dili kimi inkişafına xüsusi diqqət yetirildi, maarifçilik siyasəti genişləndirildi. 1919-cu ildə Bakı Dövlət Universitetinin təsis olunması milli kadr hazırlığı tarixində mühüm hadisəyə çevrildi. Xarici siyasət sahəsində görülən işlər nəticəsində Azərbaycan beynəlxalq aləmdə tanınmağa başladı, dünyanın müxtəlif dövlətləri ilə diplomatik əlaqələrin əsası qoyuldu”.
Deputat bildirib ki, XX əsrin sonlarında Azərbaycan xalqı yenidən tarixi fürsət əldə edərək dövlət müstəqilliyini bərpa etdi:
“Lakin müstəqilliyin ilk illəri ölkəmiz üçün son dərəcə mürəkkəb və ağrılı sınaqlarla müşayiət olundu. Həmin dövrdə Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımız işğal olunur, iqtisadi böhran dərinləşir, dövlət idarəçiliyində ciddi problemlər yaşanırdı. Təəssüf ki, hakimiyyətdə təmsil olunan AXC–Müsavat cütlüyünün səriştəsiz fəaliyyəti, siyasi ambisiyalara əsaslanan idarəçilik üsulu, daxili çəkişmələr və dövlət maraqlarının lazımi səviyyədə qorunmaması mövcud vəziyyəti daha da ağırlaşdırdı. Hakimiyyət uğrunda mübarizə, qeyri-peşəkar qərarlar və idarəetmədə yol verilən ciddi nöqsanlar nəticəsində Azərbaycan vətəndaş qarşıdurması və parçalanma təhlükəsi ilə üz-üzə qaldı. Dövlət institutları zəifləyir, ölkədə anarxiya və özbaşınalıq meyilləri güclənirdi. Bütün bunlar bir daha göstərirdi ki, müstəqilliyi əldə etmək qədər onu qorumaq və möhkəmləndirmək də güclü siyasi iradə, peşəkar idarəçilik və milli məsuliyyət tələb edir”.
S.Salmanova qeyd edib ki, belə mürəkkəb və taleyüklü bir mərhələdə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin xilaskarı kimi tarixi missiyanı öz üzərinə götürdü:
“Ümummilli Liderin uzaqgörən siyasəti, zəngin idarəçilik təcrübəsi və qətiyyətli liderliyi nəticəsində ölkədə ictimai-siyasi sabitlik bərpa olundu, qanunçuluq təmin edildi, dövlət institutları möhkəmləndirildi və müstəqilliyimizin dönməz xarakter almasının əsası qoyuldu. Azərbaycanın gələcək inkişaf strategiyası müəyyənləşdirildi, milli maraqlara əsaslanan xarici siyasət kursu formalaşdırıldı, iqtisadi islahatlara start verildi. Ulu Öndərin müəyyən etdiyi inkişaf yolu Azərbaycanı tənəzzüldən tərəqqiyə aparan möhkəm təmələ çevrildi. Onun müəllifi olduğu azərbaycançılıq ideologiyası milli birliyin, həmrəyliyin və dövlətçiliyin əsas sütunlarından biri kimi bu gün də öz aktuallığını qoruyur”.
Parlamentari vurğulayıb ki, bu gün Azərbaycan müstəqillik tarixinin ən qüdrətli və şərəfli dövrünü yaşayır:
“Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət nəticəsində ölkəmiz regionun aparıcı dövlətinə çevrilib, beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artıb. Güclü iqtisadiyyatın qurulması, genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi, sosial rifahın yüksəldilməsi, ordu quruculuğunun daha da gücləndirilməsi və milli maraqlara əsaslanan müstəqil xarici siyasət Azərbaycanın dayanıqlı inkişafını təmin edib. Dövlətimizin beynəlxalq mövqeləri möhkəmlənib, Azərbaycan qlobal miqyasda etibarlı tərəfdaş və nüfuzlu ölkə kimi qəbul olunub. Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətçilik tariximizin ən böyük nailiyyətlərindən biri də ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunmasıdır. Azərbaycan Ordusunun şanlı Zəfəri nəticəsində torpaqlarımız işğaldan azad edilmiş, ölkəmizin bütün ərazisində dövlət suverenliyi tam təmin edilib. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri Azərbaycanın gücünü, potensialını və gələcəyə inamını nümayiş etdirir. Bu gün üçrəngli dövlət bayrağımız işğaldan azad edilmiş torpaqlarda qürurla dalğalanır. Bu tarixi nailiyyət xalqımızın milli birliyinin, güclü dövlət siyasətinin və sarsılmaz iradəsinin təntənəsidir”.
Deputat söyləyib ki müstəqillik tariximizə və dövlətçilik ənənələrimizə verilən yüksək dəyər müasir Azərbaycanın inkişaf strategiyasının mühüm istiqamətlərindən biridir:
“Azərbaycan Xalq Cümhuriyyəti irsinin öyrənilməsi, təbliği və gələcək nəsillərə çatdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Azərbaycan dövlətçiliyinin tarixi əsaslarının tədqiqi, milli irsin qorunması və təbliği sahəsində görülən işlər xalqımızın tarixi yaddaşının möhkəmləndirilməsinə xidmət edir. 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması və dövlətçilik irsimizin təbliğinə yönəlmiş çoxsaylı layihələr bu siyasətin bariz təzahürüdür. Bu gün hər bir azərbaycanlı yaxşı anlayır ki, müstəqillik yalnız tarixi nailiyyət deyil, həm də böyük məsuliyyətdir. Dövlətimizin daha da güclənməsi, milli həmrəyliyin qorunması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, milli-mənəvi dəyərlərimizin yaşadılması və dövlətçilik ənənələrinin gələcək nəsillərə ötürülməsi müstəqilliyimizin əbədi olmasının əsas təminatlarıdır. Azərbaycanın əldə etdiyi uğurların qorunması və daha da inkişaf etdirilməsi hər bir vətəndaşın qarşısında duran mühüm vəzifədir”.
S.Salmanova vurğulayıb ki, 28 May – Müstəqillik Günü xalqımızın dövlətçilik əzminin, azadlıq idealına sədaqətinin və milli qürurunun rəmzidir:
“Azərbaycan Xalq Cümhuriyyətinin təməlini qoyduğu müstəqil dövlətçilik ideyası Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası nəticəsində qorunub saxlanılıb, möhkəmləndirilib və Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni tarixi zirvələrə yüksəlib. Bu gün güclü dövlət, qüdrətli ordu, milli birlik, iqtisadi dayanıqlıq və tam bərpa olunmuş suverenlik Azərbaycanın müstəqilliyinin ən etibarlı təminatlarıdır. Xalqımızın iradəsinə, dövlətimizin gücünə və milli həmrəyliyimizə söykənən Azərbaycan bundan sonra da inkişaf və tərəqqi yolunda inamla addımlayacaq, yeni uğurlara imza atacaq, müstəqilliyini və dövlətçiliyini daha da möhkəmləndirəcək”.
Nigar İxtiyarqızı









