Gələn ildən Azərbaycanda bankların bir şəxs üçün 20 min manat dəyərində qoyduğu limit yenilənməyə bilər. Bu barədə bank əməkdaşları bildirib.
Məlumat üçün bildirək ki, Azərbaycanda banklar hər bir vətəndaşa (fiziki şəxslər) şəxsiyyət vəsiqəsi ilə 20.000 AZN (təxminən 11,750 dollar) ekvivalentində xarici valyuta satışı həyata keçirir. Bu limit bitibsə, həmin şəxs bir il müddətinə valyuta ala bilməz.
Qaynarinfo-ya açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bu proseduran əleyhinə çıxış edib:
“Bu məsələ bir neçə ildir var. Qanunla heç bir limit yoxdur. Hər kəs istəlinən qədər valyuta ala bilər. Deyilir ki, limiti banklar qoyub. Banklar niyə limit qoysun? Bankın arzusu odur ki, müştəri gəlib ondan daha çox bank xidməti alsın. Guya bir sistem var, banklar ora daxil olanda görür ki, müştəri hansı bankdan nə qədər valyuta alıb”.

Əkrəm Həsənov bunu bank sirrinin pozulması kimi qiymətləndirib:
“Əgər doğrudanda bu sistem varsa, niyə banklar onu yaradıblar?”.
Əkrəm Həsənov bu gün manata təhlükə olmadığını bildirib:
“Amma yaxın dövrlərdə bunun ola biləcəyindən ehtiyat edilir. Çünki neft gəlirlərimiz azalır. Valyuta ehtiyatlarımız azalacaq. Manata təzyiq olacaq”.









