Yeni araşdırma göstərir ki, açıq havada gəzmək həm bədən, həm də beyin üçün faydalıdır — 15 dəqiqəlik gəzinti diqqəti 243 faiz artıra bilər, 30 dəqiqə açıq havada olmaq isə müsbət əhvalı 46 faiz yüksəldə bilər.
30 dəqiqəlik sürətli açıq hava gəzintisi müsbət əhvalda 46 faiz artım və stress səviyyəsində 30 faiz azalma yarada bilər. Yeni araşdırmanın nəticələri bunu göstərir.
Tribuna.az xəbər verir ki, Neyrobioloq Jack Lewis son elektroensefaloqram (EEG) tədqiqatlarından sonra insanları açıq havaya çıxmağa və “gəzintinin beyin gücləndirici təsirlərindən faydalanmağa” çağırıb.
Bu nəticələr əsasında Decathlon UK tərəfindən “Joy Walks” adlı icma gəzintiləri proqramı başladılır. Yerli mütəxəssislərin rəhbərlik etdiyi marşrutlar təbii mənzərələri ön plana çıxararaq insanları yürüşə və təbiətdə vaxt keçirməyə həvəsləndirəcək.
“Joy of Walking” adlı araşdırma göstərib ki, müntəzəm açıq hava gəzintiləri orta hesabla yorğunluğu 21 faiz azaldır və insanlarda nailiyyət hissini gücləndirir.
Təbiətdə keçirilən fəaliyyətlər zamanı iştirakçıların beyninin ön qabığında müsbət emosiyalarla əlaqəli siqnallar orta hesabla 43 faiz artıb. Kişi iştirakçılarda isə bəzi hallarda bu göstərici 99,6 faizə çatıb.
Araşdırma həmçinin göstərib ki, açıq havada gəzməklə psixoloji rifah arasında “dozadan asılı” əlaqə var. Yəni insanlar nə qədər çox açıq havada vaxt keçirirlərsə, özlərini bir o qədər xoşbəxt və rahat hiss edirlər.
15 dəqiqəlik açıq hava gəzintisinin digər faydaları arasında diqqət və yaddaşla bağlı beyin fəaliyyətinin güclənməsi də var. Araşdırmaya görə, bu, fokuslanma qabiliyyətini 243 faiz artırır və konsentrasiya ilə əlaqəli beyin siqnallarını üç dəfə yüksəldir.
Jack Lewis bildirib ki, bütün sübutlar göstərir ki, açıq havada gəzmək təkcə bədən üçün deyil, həm də beyin üçün faydalıdır:
“Bu, yaradıcılığı və diqqəti artırır, yorğunluğu və neqativ düşüncələri azaldır. Elmi baxımdan insanlar təbiətdə nə qədər çox vaxt keçirirlərsə, bu, beyin dalğaları üçün bir o qədər faydalıdır”.
Joey Zhou isə deyib: “Biz uzun müddətdir açıq hava gəzintisinin müsbət təsirlərinə inanırdıq. İndi isə bunun elmi araşdırmalarla təsdiqlənməsi çox sevindiricidir.”
İmran Kərimli









