Həyat yoldaşı tərəfindən 12 il ərzində “əsirlik”də saxlanılan Fransa vətəndaşı Silviya Yasminanın evlilikdən əvvəlki və sonrakı fotoları sosial şəbəkələrdə yayıldıqdan sonra onun həyat hekayəsi son günlərin ən çox müzakirə olunan mövzularından birinə çevrilib.
Tribuna.az BBC-yə istinadən xəbər verir ki, hadisə Pakistan polisinin 54 yaşlı qadını və onun beş övladını xilas etməsindən sonra üzə çıxıb.
Pakistanın Hayber-Paxtunxva əyalətinin Bar yaşayış məntəqəsində keçirilən əməliyyat zamanı polis palçıqdan tikilmiş evdə saxlanılan qadını və övladlarını azad edib.
Araşdırma zamanı məlum olub ki, Silviya Yasmina 2003-cü ildə pakistanlı Əhməd Xanla evlənib və cütlük bir müddət Avstraliyada yaşayıb.
2014-cü ildə ailə iki övladı ilə birlikdə Pakistana köçüb. Bundan sonra əri qadını evdə qapalı şəraitdə saxlayaraq onun xarici dünya ilə bütün əlaqələrini kəsib və uzun illər həyat yoldaşını məişət zorakılığına məruz qoyub.
Silviya Pakistanda daha üç uşaq dünyaya gətirib. Uşaqların hamısı atalarının ciddi nəzarəti altında, təcrid olunmuş şəraitdə saxlanılıb və məktəbə göndərilməyib.
Ailənin xilas edilməsi uşaqlardan birinin gizlicə evdən qaçaraq Bar şəhərindəki polis bölməsinə müraciət etməsi və anası ilə bacı-qardaşlarının vəziyyəti barədə məlumat verməsi sayəsində mümkün olub.
Nəticədə Əhməd Xan həbs edilib. Silviya Yasmina isə övladları ilə birgə mühafizə və yardım göstərilməsi məqsədilə polis bölməsinə yerləşdirilib. Fransa vətəndaşı olan qadının vətəninə qayıtmaq istəyi nəzərə alınaraq onun repatriasiya proseduruna başlanılıb.










